Logo

Ülviyyə Könül: “Tamaşaçılar hazır olsun, AzTV-də daha da maraqlı verilişlər olacaq”


Azərbaycanlı rejissor Ülviyyə Könül AzTV-də baş rejissor vəzifəsinə təyin olunub.

AZXEBER.COM xəbər verir ki, xanım rejissor yeni işi ilə bağlı Lent.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Ülviyyə xanım, yeni işinizlə bağlı ilkin təəssüratlarınız nədir?

- Təəssüratlarım çoxdur. İlk növbədə, bu, mənim üçün fəxrdir. Ölkənin əsas telekanalında belə bir vəzifədə işləmək həm fəxr, həm də böyük bir məsuliyyətdir. Niyə? Çünki AzTV-də çox ciddi və müsbət dəyişikliklər gedir. Bu komandanın üzvü olmaq şərəfdir. Mən şəxsən istəyirəm ki, bütün 25 illik təcrübəmi bu kanalla bölüşüm. İstəyirəm ki, bu yenilikdə mənim də imzam olsun. Yeni nəfəs, yeni televiziya rəhbəri ilə işləmək mənə çox maraqlıdır. Bəlkə də 2-3 il öncə bu təklif olsaydı, razı olmazdım. Son illər mədəniyyət sahəsində daha çox işləyirəm. Böyük konsertlərə, layihələrlə məşğulam. Bundan əlavə, kino sektorunda olduğum üçün kino təcrübəm də var. Düşünürəm ki, kino-rejissor kimi televiziyaya nəsə gətirə bilsəm, bu, mənim üçün böyük sevinc olacaq.

- Söylədiniz ki, dəyişikliklər davam edəcək. Tamaşaçılar nələr gözləsinlər?

- Dəyişikliklərin çoxu artıq olub. Yeni layihələr efirə çıxıb. Maarifləndirici, sosial verilişlərdən savayı, əyləncə sektoru da inkişaf etməyə başlayır. Axşam şouları, maraqlı verilişlər yayımlanır. Bundan sonra da yeniləri yayıma çıxacaq. Tamaşaçılar hazır olsun, mövsümün sonuna qədər bir-birindən maraqlı verilişlər olacaq. Bütün bunların üzərində böyük komanda çalışır. Düşünürəm ki, tamaşaçıları razı sala biləcəyik.

- Uzun illər şou-biznesdə bir çox tanınmış simalara kliplər çəkmisiniz. Amma son illər bu kliplərin sayı azaldı. Səbəb nə oldu?

- Artıq istəmirəm ki, adımın yanında şou-biznes sözü hallansın. Şou-biznesdən mədəniyyətə keçməyimin bir çox səbəbləri oldu. İnsanın yaşının üstünə yaş gəldikcə, maraqlar da dəyişir. Artıq şou-biznes mənim üçün maraqsızdır. İndi daha böyük layihələr və daha böyük işlər marağıma səbəb olub. Məsələn UNESCO-da keçirilən bir neçə proqramın rejissoruyam. Bundan başqa, bu il dövlət sifarişi ilə 2 tammetrajlı kino çəkmişəm.

- Artıq adınızın şou-biznesdə hallanmasını istəmirsiniz?

- Yox, istəmirəm. Artıq mən Əməkdar incəsənət xadimiyəm. Dövlətimizin mənə verdiyi bu yüksək ada layiq olmaq istəyirəm. Ona görə də səviyyəli işlərin altında adımın yazılmasını istərdim.

- Gələcəkdə hər hansı bir müğənni sizə klip çəkdirmək üçün müraciət edə bilərmi?

- Hər hansı bir müğənnidən söhbət getmir. Məsələn, keçən il Əməkdar artist Tünzalə Ağayeva üçün respublikanın 100 illiyinə "Sevdiyim” adlı klip çəkdik. Bu musiqili klip çox şərəfli bir iş idi. Bu, estrada müğənnisi ilə olan layihə idi. Amma işin səviyyəsindən çox şey asılıdır. Mən hər mahnıya klip çəkməyəcəm. Olsa da, nadir hallarda olacaq. Gərək iş marağıma və səviyyəmə uyğun olsun.

- Son dövrlər çəkilən kliplər sizi qane edirmi? Keyfiyyətli işlər təqdim edənlər varmı?

- Təbii ki, var. Əsasən də cavanlar. Sadəcə, keyfiyyətli musiqi qıtlığıdır. Həm gözəl, həm də səviyyəsiz, bayağı işlər var. Yaxşı iş təqdim edən uşaqlar məni təəccübləndirir. Amma bir tərəfdən də musiqi materialı o qədər də keyfiyyətli deyil ki, ona nəsə musiqili rolik çəkəsən. Burada bütün müğənnilərdən söhbət getmir. Top müğənnilər var ki, hansılar ki, onlar repertuarlarına diqqət edirlər, inkişaf edirlər.