Logo

Ana olmağa hazırlaşan qadınların qidası


Gələcək ananın sağlamlığı həm də dünyaya gələn körpənin sağlamlığı deməkdir. Ona görə 6-8 həftə əvvəldən onlar hamiləliyə hazırlaşmalıdırlar. Bu zaman fol turşusu ilə zəngin qidalar, o cümlədən paxlalı bitkilər, kələm, kök, çuğundur, avakado və çərəzlər üstünlük təşkil etməlidir.

İnce.Az bildirir ki, həkim-ginekoloq Kəmalə Əliyeva AZƏRTAC-a deyib: "Ana bətnində olan körpə hər şeyi ondan alır. Ona görə də ana düzgün qidalanmayanda dünyaya gələn körpənin də aldığı vitaminlər zəif olacaq. Hamiləlik müddətində dəmirlə zəngin, kalsium, omeqa və fol turşusu ilə zəngin qidalar qəbul edilməlidir.

Bəzən elə düşünürlər ki, ikicanlı olanlar iki dəfə çox qidalanmalıdır. Lakin bu, tamamilə yanlış fikirdir. Əslində hamiləliyin ilk üç ayında gündəlik qida kalorisindən 100-150 kalori çox yeməlidir. Son aylarda isə 500 kaloriyə qədər artırmaq olar. Bu, heç də ikicanlının yediyi qədər kalori qəbul etmək demək deyil. Normal halda 1500-2000 kalori qəbul edilməli olduğu halda onu artıraraq 2500 kaloriyə qədər yemək olar. Bundan artıq kalori qəbul etmək düzgün deyil. Rasionda xüsusilə səhər yeməyi zamanı yumurtadan çox istifadə etmək daha çox məsləhət görülür".