Logo

Əməkdar artistdən operada iştiraka görə rüşvət istəyiblər? - AÇIQLAMA


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Əməkdar artist Nigar Şabanovadan dörd min manat pul istəyib.  

İnce.Az-ın məlumatına görə, bu barədə “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişində qonaq olan sənətçi məlumat verib.

“Nigar xanımdan “Leyli və Məcnun” operasında Leylini oynamaq üçün dörd min manat pul tələb edilib. Həmçinin, əlavə olaraq min manatı Opera və Balet Teatrının kassasına ödəməsi istənilib. Nigar xanım, düzdür? Özü burada olduğu üçün onun dediklərini deyirəm”, - deyə aparıcı Tarix Əliyev (Tolik) bildirib. 

Əməkdar artist deyilənləri təsdiqləyib:

“Dediklərimi özümdən qoşub demirəm. Bu məsələni işıqlandırmaq istəyirdim. Hətta bu barədə sənət dostlarıma da demişdim. Onlar mənə problem yarana biləcəyini deyirdilər. Amma qorxmuram. Uzaq başı həmin teatrda oynamayacam”. 

Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva Oxu.Az-a açıqlamasında Nigar Şabanovanın ittihamlarının əsassız olduğunu bildirib:

“Teatrımızda hər zaman gənclərə geniş meydan verilib. Xüsusən Muğam müsabiqəsinin qalibi, iştirakçısı olan gənc və istedadlı gənclərimizə öz müraciətləri əsasında teatr səhnəsində çıxış etmələrinə imkan verilir.

Bir neçə il öncə Nigar Şabanovanın müraciəti əsasında Leyli rolunda ifa etməsi üçün ona şərait yaradıldı. Bir neçə ay məşq edib roluna hazırlaşdı. Ondan sonra cəmi bir dəfə teatrda “Leyli və Məcnun” tamaşasında çıxış elədi. Onun çıxışı teatr rəhbərliyinin və muğam bölməsinin rəhbərini  qane etmədi.

Hazırda səsləndirdiyi ittihamı da yalandır. Heç kəs deyə bilməz ki, burada işə qəbul olunması və səhnədə çıxışına görə hər hansı vəsait ödəyib. Hazırda Təyyar Bayramov, İlkin Əhmədov, Elnur Zeynalov, Səbuhi İbayev, Aytən Məhərrəmova və Rəvanə Əmiraslanlı bizdə çıxış edirlər.

Heç kim teatra bir qəpik belə ödədiyini deyə bilməz. Hamısı sadə ailələrdən olan istedadlı gənclərdir. Teatrda çalışdıqlarına görə də əməkhaqqı alırlar. Ona görə də Nigarın ittihamları bizi çox təəccübləndirdi. Elə bir şey olmayıb və ola da bilməz”.