Logo

Hamiləlik zamanı epilepsiya - DİQQƏT!


Epilepsiya sinir sisteminin ən çox yayılmış və ağır xəstəliklərindən biridir. Epilepsiya həm xəstənin özünə, onun həyatına, həm də ailəsinə təsir göstərən xəstəliklərdəndir.

İnce.Az medicina.az-a istinadən bildirir ki, bütün dünyada epilepsiyalı xəstələrin 20-40%-ni reproduktiv yaşda olan qadınlar təşkil edir. Epilepsiyalı qadınlarda çox mühüm və vacib məsələlərdən biri də hamiləlikdir. Ədəbiyyatda olan məlumatlara əsasən, qadınların13%-də xəstəlik ilk dəfə hamiləlik dövründə özünü biruzə verir, 14%-də isə tutmalar yalnız hamiləlik dövründə müşahidə olunur (hestasion epilepsiya). Hər il doğulan uşaqların 0,3-0,4% epilepsiyadan əziyyət çəkən qadınların uşaqlarıdır.

Epilepsiyalı qadınlarda hamiləliyin və doğuşun fəsadları sağlam qadınlarla müqayisədə bir qədər yüksək ola bilər, hamilə qadının epilepsiya əleyhinə preparatların qəbul etməsi isə doğulan uşaqda anadangəlmə inkişaf qüsurlarına səbəb ola bilər. Epilepsiyalı qadınlarda hamiləliyin uğurla başa çatdırılması nevroloqdan və mama-ginekoloqdan çox asılıdır. Belə ki, bu qadınlarda hamiləliyin planlaşdırılması çox vacibdir. Nəzarət edilməyən tutmaların həm qadının özü üçün, həm də döl üçün yaratdığı risklə bağlı hamilə qadını məlumatlandırmaq lazımdır.

Mümkün olduğu qədər mayalanmanı bir epilepsiya əleyhinə preparatın ən aşağı effektiv dozada qəbulu fonunda həyata keçirmək lazımdır. Preparatın seçilməsində isə ən az teratogen effektə (yəni döldə inkişaf qüsurlarının yaranmasına səbəb ola biləcək) malik olan preparata üstünlük verilməlidir. Hamiləlik dövründə isə preparatın qəbulu davam etdirilməlidir. Belə ki, epilepsiya əleyhinə preparatın hamiləlik dövründə qəfil kəsilməsi epileptik statusa (bir-birinin ardınca 30 dəqiqə və daha çox davam edən tutmalar və tutmalararası dövrdə huşun tamamilə bərpa olunmaması halıdır) gətirib çıxarır ki, bu vəziyyət də həm ana, həm də döl üçün olduqca təhlükəlidir.

Ümumiyyətlə, tutmaların müalicəyə tabe olunması düzgün preparat seçimi ilə yanaşı, xəstənin müalicə qaydalarına, qida və yuxu rejiminə riayət etməsindən də asılıdır. Bu amillər də hamiləliyin planlaşdırılmasında və baş verə biləcək fəsadların qarşısını alınmasında vacibdir.

Birmənalı olaraq, epilepsiyalı qadınlarda hamiləliyin planlaşdırılması, hamiləlik dövründə nevroloq və mama-ginekoloqla birgə müayinəsi, müalicəsi və dinamik müşahidəsi zəruridir.