Logo

Məqsədim ən qabaqcıl və sınanmış Avropa təcrübəsinin tətbiqinə nail olmaqdır - Deputatlığa namizəd


Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən millət vəkilliyinə namizəd Həsənov Emin Rasif oğlunun Trend-ə müsahibəsi

- Emin müəllim, əvvəlcə özünüz haqqında bir az məlumat verin, seçiciləriniz sizi daha yaxından tanısın

- 5 avqust 1990-ci ildə Zəngilan şəhərində anadan olmuşam. 2008-ci ildə yüksək balla BDU-nun hüquq fakültəsinə daxil olmuşam. 2012-ci ildə universiteti bitirib hərbi xidmətə yollanmışam. 2013-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra təhsilimi xaricdə davam etdirmək qərarına gəldim və bir müddət sonra Avropanın ən nüfuzlu univeristetlerindən hesab edilən Almaniya Federativ Respublikasın Münhen Ludviq-Maksimilians Universitetinə (Ludwig-Maximilians-Universität München) qəbul oldum və magistratura pilləsində təhsilimi davam etdirdim.

Təhsilimi alman dilində davam etdirdiyim üçün tələbə olarkən Almaniyanın Münhen şəhərindəki Ehlers, Ehlers and Partner, Junica kimi hüquq bürolarında işləməyə başladım. Təhsilimi müvəffəqiyyətlə bitirdikdən sonra isə Münhenin ən qabaqcıl hüquq bürosunda fəalliyyətə başladım və uzun muddət həmin büro ilə əməkdaşlığa davam etdim. Almaniyada olduğum müddətdə diaspora fəaliyyətini təşviq etməyə başladım. 2018-ci ildən Almaniya-Azərbaycan Gənclər Təşkilatının sədriyəm. Alman, ingilis, rus və türk dilləri olmaqla 4 xarici dili mükəmməl bilirəm.

- Namizəd kimi ölkədə aparılan islahatları necə qiymətləndirirsiniz?

- Məlum olduğu kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində böyük inkişaf yolu keçib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət və uğurlu islahatlar nəticəsində ölkəmizin hərtərəfli inkişafı təmin olunub, əhalinin rifahı xeyli yaxşılaşıb, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və mövqeyi daha da möhkəmlənib.

Ölkədə son dövrlərdə bütün sahələrdə olduğu kimi hüquqi sahədə də mühüm islahatlar aparılır. Bu islahatlar hüquq və sosial həyatın müxtəlif istiqamətlərini əhatə edir. Məsələn, son dövrlərdə "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi; cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi ilə bağlı cəza siyasətinin humanistləşdirilməsi belə tədbirlərin nümunələrindən biridir. Cənab Prezidentin 03.04.2018-ci il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə hüquq sahəsində islahatlar davam etdirilmiş, birinci mərhələdə kommersiya və inzibati məhkəmələrin yaradılmış, həmin məhkəmələr artıq cari ilin yanvarın 1-dən fəaliyyətə başlayıb. Növbəti mərhələdə məhkəmə ekspertizası fəaliyyətinin həyata keçirilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı qanunvericiliyə dəyişiklik həyata keçirilmiş, qeyd edilən qanunvericiliyə dəyişikliyin cari ilin mart ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdur. Eləcə də hüquq sistemində mediasiya institutu yaradılmış və ailə, kommersiya və əmək mübahisələri üzrə həmin prosesin tətbiqinin imperativliyi müəyyən olunmuşdur. Qeyd edilən norma da cari ilin iyul ayının 1-i tarixindən qüvvəyə minir. İslahat tibbi və icbari sığorta sahələrini, eləcə də vergi sistemini də əhatə etmişdir.

Odur ki, islahatların məqsədyönlü xarakter daşıdığını və effektiv olduğunu düşünürəm.

- Namizəd kimi hansı platformanız var və nələr nəzərdə tutulur?

- Gənc və peşəkar hüquqşünas olaraq həyata keçirməyi nəzərdə tutduğum platformamı təqdim edirəm:

1. Sosial yönümlü qanunvericilik layihələrinin təşəbbüsü;

2. Məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə pulsuz hüquqi yardım mərkəzlərinin yaradılması ilə bağlı qanunvericilik təşəbbüsü;

3. Seçicilərin müdəmadi olaraq qəbulu və problemlərinin ədalətli həllinə nail olunması;

4. Yeni çağırışlara və müasir tələblərə cavab verən qanunvericilik layihələrinin təşəbbüsü;

5. Qarabağ həqiqətlərinin beynəlxalq təşkilatlarda səsləndirilməsi və dünya ictimaiyyətinə çatdırılması;

6. Zəngilan və Qubadlı şəhidləri və ümumiyyətlə şəhidlərimizin adının əbədiləşdirilməsi ilə bağlı səmərəli və praktiki tədbirlərin həyata keçirilməsi.

- Namizədlər seçicilərin etimadını qazanmaq üçün hansı tədbirlər görməlidir?

- İlk növbədə, seçicilərlə mütəmadi təmas mütləqdir. Real və məqsədyönlü, utopik xarakter daşımayan platforma irəli sürülməlidir.

- Almaniyadan Azərbaycana qayıtdıqdan sonra deputatlığa namizədliyinizin irəli sürülməsinin səbəbi nədir?

- Cənab Prezidentin hazırda yürütdüyü siyasətə və irəli sürdüyü platformaya uyğun olaraq qanunvericilik bazasının möhkəmləndirməkdə, mütərəqqi qanunvericiliyin və proqramların qəbul edilməsinin təmin edilməsinə, Avropa təcrübəsinin ən qabaqcıl, seçilmiş və sınanmış nümunələrinin tətbiqinə nail olmaqdır. Bu, bir vətəndaş kimi həm də xalqım qarşısında mənim vəzifəmdir, dövlətə və millətə sadiq olmaq vətəndaşlıq borcudur.