Logo

İki yaşdan sonra ana uşağına bunları izah etməlidir - Məhrəmiyyət təlimi


Məhrəmiyyət təlimi uşaqlara dünyaya gəldiyi gündən etibarən verilə bilər.  
Valideynlər uşağın məhrəmiyyətinə hörmətlə yanaşarsa, zamanla məhrəmiyyət anlayışı uşaqda da formalaşa bilər. Uşaqlara öyrətmək istənilən hər bir davranışı əvvəlcə valideyn tətbiq edərsə daha təsirli olar.
Məhrəmiyyət özünün və başqasının özəlinin fərqində olması və buna hörmət etməsidir.
Ana uşağına süd verərkən, paltarını dəyişərkən uşağı ilə başqa bir otağa keçməsi onun məhrəmiyyətinə hörmət etdiyini bildirir. Uşaqlara məhrəmiyyət təliminin verilməsinin mərkəzində ana durur. Uşağın məhrəmiyyətlə bağlı məlumatları ilk olaraq anadan öyrənməsi daha doğrudur.  Valideynlər məhrəmiyyət təlimində uşaqlara şəxsiyyət kimi yanaşmalı, “hələ uşaqdır, anlamır” düşüncəsindən uzaq durmalıdırlar. Uşaqlara məhrəmiyyət təlimini vermək onların ruh və bədən sağlamlığını qorumaq, təhlükəsizliklərini təmin etmək üçün çox vacibdir. Bunun üçün valideynlərin diqqət etməsi lazım olan bir neçə qaydalar var. Bunlara misal olaraq, yaşları az da olsa uşaqları bir yerdə yuyundurmamaq, beş-altı yaşdan etibarən uşaqların yataqlarını ayırmaq məqsədəuyğundur. Uşaqlara valideynlərinin və ya başqalarının otaqlarına girmək istədikləri zaman icazə istəmələri öyrədilməli,valideynlər də örnək olsun deyə övladlarının otağına keçərkən qapını döyməlidirlər.
Bəzən uşaq ananın belə ona toxunmasını istəmir, bu zaman uşağa etiraz edə bilmə haqqı verilməlidir. İki yaşdan sonra ana uşağına bədənindəki məhrəm bölgələri tanıtmalı, məhrəm bölgələrə sadəcə ana və nənə toxuna biləcəyini izah edə bilər. Həkimə apardığınız zaman həkim ancaq valideynin nəzarətində uşağa baxa bilər. Deyək ki, uşaq günün bir hissəsini baxıcısı və ya atası ilə keçirir və paltarının dəyişilməsinə ehtiyac var. Belə hallarda uşağın da şahid olması ilə ana xəbərdar edilərsə uşaq məhrəmiyyətin önəmini və onun məhrəminə hörmət edildiyini görərək öyrənə bilər. Məhrəmiyyət uşaqlar üçün çox vacib, önəmli dəyər olduğundan buna həm valideynlər,həm də uşaqla məşğul olan hər kəs  ciddi yanaşmalıdır.Hər bir ailənin həyat tərzi, məhrəmiyyət düşüncəsi fərqli ola biləcəyini də nəzərə alaraq məhrəmiyyətin qorunması və nəzarət altına alınması ilə əlaqəli bir neçə məlumatlandırma:
  1. Uşağın cinsiyyəti nə olursa olsun, yad biri ilə eyni yerdə tək qalmamasına diqqət etmək və bunu uşağa da öyrətmək.
  2. Avtobus və ya metrolarda uşağı yad insanların qucağına verməyin doğru davranış olmadığı bilinməlidir.
  3. Uşaq istəmədiyi zaman ona “öp, qucaqla, ayıbdır” deyilməsi uşağın məhrəmiyyət sərhədinin pozulmasıdır.       
  4. Evində böyüyən uşaqları olan ailələrə, qohum-əqrabaya, dostlarına uşağı gecə qalmağa göndərmək adi hala çevrilməməlidir.
  5. İnternet, sosial mediadan istifadə edən uşaqlara tez-tez,ciddi nəzarət edilməsi məsləhətdir.
  6. Ev açarlarını üstündə gəzdirən uşağa bunu heç kimə deməməsini tənbehləmək lazımdır.
  7. Uşaqlara bəzi təhlükəli vəziyyətlərdə qışqırmaq, etiraz etmək, qaçmaq reflekslərinin öyrədilməsi və s.
Uşaqlar hər bir problemləri olduqları zaman qorxmadan, utanmadan valideyninin yanına gələ bilməli və bu problemini valideyninə açıb deyə bilməlidir. Bunun üçün uşaqlarla sərt bir ana və ata deyil, yumşaq, mərhəmətli, qucaqlayıcı, qoruyucu valideyn olmağa diqqət edilməlidir.