Logo

Əməkdar artist: “O qədər də yaxşı insan deyiləm”


“Həyatımı standart yaşamamışam. Ümumiyyətlə, həyatda standartları qəbul etmirəm. İnsan yıxıldıqca bərkiyir. Amma bu həyatda çox da yıxılmamışam. Ayaq üstdə durmağı bacarıram. Coşqun yıxılıb, əzilsə də, öhdəsindən gələcək. Heç kimin də “əl tutmasına” ehtiyacı yoxdur”.

Bunu “Bu şəhərdə” yumor teatrının üzvü, Əməkdar artist Coşqun Rəhimov AzTV-də yayımlanan “Ağ-qara” verilişində qonaq olarkən deyib.

Sənətçi ona həyatda zərbə endirən insanlardan söhbət açaraq, həmin adamları bağışlamasının səbəblərindən danışıb:

“Mənə zərbə endirən o şəxsi, o ünsürü bağışlamasam, əzab-əziyyət çəkəcəyəm. Onun etdiyi pisliklər yadıma düşdükcə fəaliyyətimi davam etdirə bilməyəcəyəm. O zaman mənim üçün çox çətin olacaq. Buna görə də onu ürəyimdə bağışlayıram. Bağışlayıb, sonra da o insanı özümdən uzaqlaşdırıram. Məni yıxmaq istəyən insanları özümdən uzaqlaşdırmağı çox gözəl bacarıram.

Mən özüm də o qədər yaxşı insan deyiləm. Hər insanın mənfi və müsbət tərəfləri var. Pislik edən insanın ən böyük xəstəliyi paxıllıqdır. O insana yazığım gəlir. Səni arxadan vurmaq, əzmək, barəndə nalayiq sözlər demək, qeyri-etik hərəkətlər etmək, cəmiyyətdə səni gözdən salmaq kimi şeyləri xəstəlik sayıram.

Heç kimlə işim yoxdur. Pislik edən insanın yerinə xəcalət çəkirəm ki, onun içində nə qədər kin-küdurət, pislik və paxıllıq hissi var. Yaşa, həyatını maraqlı et. Allah pislik edən insanlara göz versə belə, gördüklərimi onlar görə bilmirlər”.

Proqramın aparıcısı, aktyor Kamran Ağabalayevin “Tamaşaçılar səhnədəki, yoxsa həyatdakı Coşqunu sevməlidirlər?” sualını C.Rəhimov “Tamaşaçılar səhnədə obraz yaradan Coşqunu sevməlidirlər” kimi cavablandıraraq, fikirlərinə belə davam edib:

“Həyatdakı Coşqunu heç kim sevməyə məcbur etmir. Gün ərzində 50 dəfə deyirəm ki, Allah günahlarımı bağışlasın. Əzizlərim sual verirlər: “Sən nə günah işlətmisən ki, hər dəfə bu sözləri deyirsən?” Cavabında bildirirəm ki, bizim bilmədən etdiyimiz günah və səhvlər var. Biz Allahın quluyuq”.

Aparıcının “Ən çox kimə qarşı ədalətsiz olmusunuz?” sualına Əməkdar artist belə münasibət bildirib:

“Özümə qarşı çox ədalətsizəm. Çoşqun mənə heç nə etməyib, məhz buna görə də ona qarşı ədalətsizəm”.